Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzi (TDM) ümumi təhsil müəssisələrinin pedaqoji heyəti üçün təlimlər keçirir.
Təlimlərin əsas məqsədi müəllimlərə metodiki dəstək göstərilməsi, təlim strategiyaları, gündəlik planlaşdırmanın mahiyyəti və strukturu barədə məlumatların verilməsi, tədrisdə kurikulumun tətbiqi, müasir təlim texnologiyalarından istifadə, formativ qiymətləndirmənin səviyyələr üzrə aparılması və dərs prosesinin təşkilində yüksək nəticələrin əldə olunmasından ibarətdir. Həmçinin tədris prosesində ünsiyyət mədəniyyətini yüksəltmək və təhsilin keyfiyyətinin artırılmasında müəllimin rolunu vurğulamaq da əsas hədəflərdəndir.
Təlimlər zamanı müəllimlərə keyfiyyətli dərsin təşkili, müəllim-şagird münasibətlərinin tənzimlənməsi, müəllimlərin etik davranış qaydaları və sinfin idarəolunmasına dair müvafiq tövsiyələr verilir, həmçinin müəllimlər diaqnostik və formativ qiymətləndirmənin təşkili, onların nəticələrinin təhlili, planlaşdırmanın düzgün aparılması ilə bağlı məlumatlandırılır.
Təlimdə qeyd edilən məsələlərlə bağlı müəllimlərlə fikir mübadiləsi aparılır, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilir.
Eyni zamanda təlim çərçivəsində TDM tərəfindən valideynlərlə görüşlər keçirilir. Görüşlər zamanı məktəb-valideyn münasibətlərinin düzgün tənzimlənməsi, şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, müəllim-şagird-valideyn əməkdaşlığının əhəmiyyəti haqqında tövsiyələr verilir.
Təlim çərçivəsində TDM-in metodistləri dərs dinləmələrdə də iştirak edirlər.