Məktəbin idarə edilməsinin demokratikləşdirilməsi probleminin həlli məktəbdaxili idarəetmənin demokratik əsaslarla qurulmasını tələb edir. Ümumtəhsil məktəblərində şagirdlərin təlimi və tərbiyəsi işini ölkədə gedən yeni ideyalar və tələblər baxımından demokratik əsaslar üzrə qurmaq təxirəsalınmaz vəzifə kimi qarşıda durur. Demokratiya məktəbə rəhbərlikdə ətaləti, durğunluğu, mühafizəkarlığı, başqa sözlə, iqtisadiyyatı, sosial həyatı, siyasi mövqeyi, ictimai tərəqqini ləngidən nə varsa, hamısının qətiyyətlə aradan qalldırılmasını tələb edir. Məktəbdaxili idarəetmənin demokratikləşdirilməsini, hər şeydən əvvəl, məktəb rəhbərləri ilə müəllim-tərbiyəçi, şagird və valideynlər arasında əsil demokratik münasibətlərin inkişaf prosesi kimi başa düşmək lazımdır. Bu – yaxın məqsəddir. Demokratikləşdirmənin uzaq məqsədi – konkret şəraitdə məktəblilərin təhsili,
tərbiyəsi və inkişafı sahəsində maksimum nəticələr alınmasına imkan verən optimal pedaqoji prosesin təşkilidir. Demokratik idarəetmədə təkbaşçılıq və kollegiallığın vəhdəti məsələsi də diskussiya tələb edir. Kollegial idarəetməyə Məktəb konfransı, Məktəb Şurası, Pedaqoji Şura, direktoryanı müşavirə, müəllimlərin ictimai təşkilatları, gənclər təşkilatları, metodbirləşmələr və s. aiddir. Bundanəlavə, bu səviyyəyə valideyn komitəsinin və ictimaiyyətin nümayəndələrini də aid etmək olar. İctimai özünüidarə orqanları məktəbin təlim-tərbiyə, elmitədqiqat, metodiki, maliyyə-təsərrüfat, kommersiya, iqtisadi, kadr fəaliyyətinə dair səmərəli təkliflər verir və bununla idarəçilikdə iştirak edir. Məktəb şurası təhsil sistemində ictimai özünüidarə orqanı olmaqla, məktəbin ümumi yığıncağı (konfransı) tərəfindən yaradılır. Məktəb şurası öz işini Təhsil Nazirliyinin məktəb şurası haqqında əsasnaməsinə uyğun qurur. Məktəb şurasında rəyasət heyəti və daimi fəaliyyət göstərən komissiyalar tərəfindən işçi qrupu təsdiq olunur.
İldə bir dəfə şura, ayda bir dəfə Rəyasət heyətinin iclası keçirilir. Komisssiyaların planına uyğun olaraq, ayda bir dəfə komissiya iclası keçirilir.
Pedaqoji Şura məktəbi, təlim-tərbiyə prosesini inkişaf etdirmək və təkmilləşdirmək, eləcə də müəllimlərin, tərbiyəçilərin peşə ustalığını, yaradıcılıq meylini yüksəltmək məqsədi ilə məktəbdə yaradılır və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş əsasnaməyə uyğun fəaliyyət göstərir. Məktəbdə kollegiallıq prinsipini həyata keçirmək üçün pedaqoji şuranın fəaliyyətinin əhəmiyyəti böyükdür. Təlim-tərbiyə işinin
səviyyəsini yüksəltmək, pedaqoji elmin və qabaqcıl pedaqoji təcrübənin nailiyyətlərini təcrübədə tətbiq etmək, məktəbdə iş planlarını müzakirə və təsdiq etmək, onların məlumat və hesabatlarını dinləmək və s. kimi məsələləri də pedaqoji şura müzakirə edir. Məktəbin pedaqoji şurası şagirdlərin, müəllimlərin özünüidarə orqanlarının fəaliyyəti ilə bağlı bütün iş sahələrini əhatə edir. Lazım gəldikcə, bir sıra qlobal problemlərin həyata keçirilməsi üçün məktəb şurası qarşısında məsələ qaldırır. Kollegial idarəetmə təhsilin yeni keyfiyyətinin təmin edilməsinə, demokratik idarəetməyə ən çox töhfə verəcək, ən səmərəli bir yanaşmadır.