Noyabrın 21-də Azərbaycanda ilk dəfə keçirilən “Uşaq hüquqları” hakatonunun final mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi təşkil edilib. Təhsil Nazirliyindən ” Muasirtehsil”-ə verilən məlumata əsasən “Uşaq hüquqları” hakatonu Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), BMT-nin Uşaq Fondu (UNICEF) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə baş tutub.
20 noyabr – Ümumdünya Uşaqlar Gününə həsr olunmuş və iki gün davam edən hakatonda paytaxt və regionları təmsil edən 10-16 yaş arası məktəblilər iştirak ediblər. 18 komandanın qatıldığı müsabiqədə uşaqlar təhsil, sağlamlıq, zorakılıqdan müdafiə, ailədə yaşamaq və tərbiyə almaq hüquqlarının təşviqi və müdafiəsinin təmin edilməsi ilə bağlı problemlərin innovativ həllinə dair ideyalarını təqdim ediblər.
İştirakçılar tərəfindən təqdim olunan 18 layihə münsiflər tərəfindən qiymətləndirilib və ilk üç yerin qalibləri müəyyən edilib.