Bir sıra vacib suallara cavab.
1. Ölkəmizdə təhsil sisteminin infrastrukturunun yaxşılaşdırılması istiqamətində hansı işlər görülmüşdür?Cavab: Son illər aparılan sosial-iqtisadi siyasət nəticəsində ölkədə yüksək inkişafa nail olunmuş, əhalinin maddi rifahı xeyli yaxşılaşmış, yoxsulluğun səviyyəsi minimuma enmiş və Azərbaycan Respublikası orta gəlirli ölkələr sırasında yer tutmuşdur. Gerçəkləşdirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri sosial-iqtisadi həyatın yenidən qurulması və davamlı inkişafı üçün şərait yaratmışdır. Azərbaycan Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməlidir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilmişdir. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir. Ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəblər tikilmiş, bir çox məktəblər üçün yeni korpuslar inşa olunmuşdur. Bu proses ən ucqar bölgələrimizi də əhatə etmişdir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülmüşdür. Bütün orta təhsil ocaqlarında internetə qoşulmuş kompyuter sinifləri yaradılmışdır. Heydər Əliyev Fondunun dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək isə öz əhəmiyyəti ilə seçilmişdir. Fond ölkədə məktəb tikintisində yaxından iştirak etməklə yanaşı, onların əyani vəsaitlər, şagirdlərin isə məktəb ləvazimatları ilə təmin olunmasında mühüm rol oynamışdır. Bu proses indi də davam edir.
2. Azərbaycanda hansı irimiqyaslı iqtisadi layihələr həyata keçirilməkdədir?Cavab: Xalqımız regionların inkişafına nail olmaq üçün kənd təsərrüfatı məhsulları istehsalının artırılması, qeyri-neft sektorunun, o cümlədən emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərin yaradılması, turizmin inkişafının təmin edilməsi, məşğulluq səviyyəsinin yüksəldilməsi, əhalinin güzəranının yaxşılaşdırılması, bölgələrdə müasir tipli elektrik stansiyalarının tikilməsi, yolların və kommunikasiya xətlərinin qurulması, sahibkarlığın inkişafı istiqamətində kompleks tədbirlərin görülməsi, bu sahəyə maliyyə yardımlarının artırılması, regionlarda təhsil və səhiyyənin inkişafının təmin edilməsi kimi vəzifələrin öhdəsindən layiqincə gəlir.
3. Azərbaycan hansı dövlətlərlə daha sıx mədəni-iqtisadi münasibətlər qurmuşdur?Cavab: 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası müstəqil xarici siyasət həyata keçirir. Bu siyasət Azərbaycan dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirib inkişaf etdirməyə və milli mənafeləri qorumağa yönəldilmişdir. Azərbaycan Respublikasının milli mənafelərin qorunmasına xidmət edən xarici siyasət kursunun işlənib hazırlanması və gerçəkləşdirilməsi bütövlükdə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun güclü dövlətçilik təfəkkürü Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin düzgün qurulmasına imkan yaratmışdır. Azərbaycan Türkiyə, ABŞ, Rusiya, Gürcüstan, Mərkəzi Asiya ölkələri, İran İslam respublikası, İngiltərə, Fransa və.s dövlətlərlə mədəni-iqtisadi əlaqələr qurmuşdur. Ulu öndər Heydər Əliyevin 1997-ci il mayın 5-8-də Türkiyəyə rəsmi səfəri zamanı keçirilən bütün görüşlərdə ölkəmizin Türkiyə ilə münasibətlərin daha da inkişafına xüsusi əhəmiyyət verdiyini göstərdi. Belə ki, səfər çərçivəsində “Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında bəyannamə”, eləcə də iki ölkə arasında münasibətləri yüksək səviyyəyə qaldırmış və müxtəlif sahələri əhatə edən ümumilikdə 9 sənəd imzalandı. Azərbaycan regionda həyata keçirilən qlobal iqtisadi layihələrin həyata keçirilməsində Türkiyənin yaxından iştirakına daim xüsusi diqqət yetirir. Avropa ilə Şərq ökələri arasında nəqliyyat kommunikasiya əlaqələrinin yaradılması sahəsində mühüm əhəmiyyət kəsb edən “Avropa-Qafqaz-Asiya Transqafqaz” nəqliyyat dəhlizi (TRASEKA) proqramının dəstəyi ilə 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın iştirakı ilə tarixi “Böyük İpək Yolu”nun bərpasına dair Bakıda keçirilmiş beynəlxalq konfrans Azərbaycanla-Türkiyə arasında strateji tərəfdaşlığın genişlənməsinə yeni stimul verdi. Bu layihə ilə yanaşı, digər iqtisadi layihələrin həyata keçirilməsi istiqamətində atılan addımlar, xüsusilə Xəzərin enerji resurslarının dünya bazarlarına nəql olunması sahəsində Azərbaycan-Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsi hər iki dövlətin regionda siyasi-iqtisadi və strateji maraqlarının təmin edilməsinə xidmət edir.
4. Azərbaycanın mədəni irsinin dünyada tanıdılması sahəsində nə kimi uğurlarımız var?Cavab: Ölkəmiz 22 ildir ki, UNESCO-nun üzvüdür. 1996-cı ildə isə UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq sahəsində memorandum imzalanmışdır. Həmin vaxtdan etibarən BMT-nin elm, təhsil və mədəniyyət üzrə bu nüfuzlu təşkilatı ilə əlaqələrimiz genişlənməkdədir. Bu əlaqələrin inkişafında 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri olmuşdur. Mehriban xanım 2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində yorulmaz səylərinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür. Maddi mədəniyyətimizin çox qiymətli nümunəsi olan İçərişəhər təkcə Azərbaycan üçün deyil, həm də bəşəri dəyər kimi yüksək qiymətləndirilən tarixi abidədir. Bunu UNESCO-nun Dünya Maddi İrs Siyahısına İçərişəhərin Qız qalası və Şirvanşahlar Saray Kompleksi ilə birgə salınması da təsdiq edir. Həm Şirvanşahlar Saray Kompleksi, həm də Qız qalası Azərbaycan qanunvericiliyi, eləcə də UNESCO tərəfindən dünya əhəmiyyətli abidələr kimi tanınır. ölkə Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısının nəticəsidir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizin qeyri-maddi mədəni irsinin, xüsusilə muğam və aşıq sənətinin, milli adət-ənənələrimizin dünyada tanıdılması və təbliği istiqamətində gördüyü işlər bu uğurların qazanılmasında mühüm rol oynayıb.Xalçaçılıq dünyanın bir sıra ölkələrində yayılsa da, qətiyyətlə deyə bilərik ki, bu sənət növünün beşiyi Azərbaycandır. Burada toxunan və istehsal edilən xalçalar dünyada müqayisəyəgəlməz nümunələr kimi qəbul olunur. Azərbaycan xalçasının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsi ölkəmizin böyük uğurudur. Bu gün Azərbaycanda xalça sənəti öz inkişafının yeni mərhələsini yaşayır. “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Qanunun qəbul edilməsi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün müasir standartlara uyğun yeni binanın inşa edilməsi bu qədim el sənətinə dövlət qayğısının ifadəsidir.
5. Azərbaycanda idmanın inkişafı, gənc nəslin sağlam böyüməsi, gənclər siyasəti ilə bağlı hansı işlər həyata keçirilməkdədir?Cavab: Azərbaycan Respublikasında həyata keçirilən uğurlu, məqsədyönlü və davamlı sosial siyasət bədən tərbiyəsi və idmanın inkişafında da mühüm rol oynamışdır.Bu sahədə müasir qanunvericilik bazasının yaradılması, effektiv idarəetmə sisteminin formalaşdırılması, maddi-texniki bazanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilmiş islahatlar Azərbaycan idmanının beynəlxalq miqyasda uğurları üçün yol açmışdır. Təkcə onu qeyd etmək kifayət edər ki, istər böyüklərin Olimpiya Oyunlarında, istərsə də yeniyetmələrin Olimpiya Oyunlarında hər dəfə idmançılarımızın qazandıqları medalların sayı əvvəlkindən çoxdur. Azərbaycan Respublikasının idman sahəsində uğurlarına verilən ən yüksək qiymət isə I Avropa Oyunlarının Bakıda keçirilməsidir. İdmanın surətli inkişafı, eyni zamanda, müasir idman infrastrukturunun yaradılması ilə də müşahidə olunur. Paytaxtla yanaşı, bölgələrdə də Olimpiya mərkəzləri, ayrı-ayrı idman növləri ilə məşğul olmaq üçün bina və tikililər ücaldılır. Bununla yanaşı İslam oyunlarının, formula 1-in təşkili, Azərbaycanın ev sahibliyi etməsi nəticəsində Azərbaycan beynəlxalq arenada kifayət qədər tanınmışdır. Bu da ölkə başçısının uğurlu siyasətinin nəticəsidir. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncamı da gənclərə dövlət qayğısının davamı idi.Bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına da olduqca müsbət təsir göstərir. Təhsil sahəsində aparılan islahatlar da gənclər siyasətinin ən vacib istiqamətlərindən biridir. Gənclərin maariflənməsinə, savadlanmasına, elmi inkişafına göstərilən xüsusi diqqət və qayğının davamı olaraq, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində tələbələrin dünyanın məşhur universitetlərində təhsil almaq üçün göndərilməsi xüsusi diqqətə layiqdir. “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında” Prezident fərmanları bu istiqmətdə görülən mühüm tədbirlərdəndir. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün də dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. “Bədən tərbiyəsi və idman haqqında”, “Gənclər siyasəti haqqında” qanunlar, habelə “Gənc ailə” proqramı, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” Dövlət Proqramı da bu qəbildəndir. Prezident İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi gənclərə ölkə Prezidenti tərəfindən böyük önəm veilməsinin növbəti sübutudur.
6. Toleriantlıq və multikultiraizm nədir, ölkəmizdə bu istiqamətdə hansı işlər görülür?Cavab: Müasir beynəlxalq münasibətlər sistemi çərçivəsində dünyanın hər bir nöqtəsində yaşayan insanların gələcək inkişafının konturlarının müəyyən edilməsində, eləcə də bu istiqamətdə elmi nailiyyətlərin müzakirəsində “Bakı prosesi” beynəlxalq platforma olaraq mühüm əhəmiyyət kəsb etməkdədir. Azərbaycanın bu platformanın mərkəzinə çevrilməsində Bakı humanitar forumları, eləcə də son on ildə ölkədə keçirilmiş müxtəlif beynəlxalq konfrans və tədbirlər ölkə siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. 15 noyabr 2013-cü ildə Prezident İlham Əliyev Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışında iştirakı zamanı qeyd etmişdir ki, belə bir mərkəzin açılması Azərbaycanda dinlərarası münasibətlərin göstəricisidir. Bu fakt Azərbaycanın tarixən tolerant və çoxkonfessiyalı ölkə olduğunu bir daha sübut etməklə yanaşı, ərazisindəki dini baxışların inkişaf etdirilməsi üçün dövlət dəstəyinin yüksələn xətt üzrə getdiyinin nümunəsidir. Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi, o cümlədən bu ənənələrin inkişafını özündə ehtiva edən azərbaycançılıq ideologiyasında axtarmaq lazımdır. İstər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə ehtiva etmiş bu siyasi davranış XX əsrin sonlarında ulu öndər Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına gətirilmişdir. 2013-cü ilin 24 iyulunda müqəddəs ramazan ayı münasibətilə təşkil edilmiş iftar mərasimində Prezident İlham Əliyev Azərbaycanda dinlərin birliyindən danışarkən qeyd etmişdir ki, “…bizim birliyimiz reallıqdır. Müstəqil Azərbaycanın ən böyük sərvətlərindən biri də ondan ibarətdir ki, Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri rahat, bir ailə kimi yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. Heç vaxt Azərbaycan tarixində dini, milli zəmində ayrı-seçkilik, yaxud da qarşıdurma olmamışdır və əminəm ki, olmayacaqdır”Multikulturalizm və tolerantlıq tarixin, müxtəlif xalqların və etnosların mədəni irsinin öyrənilməsi və yeni inkişaf müstəvisinə yüksəldilməsidir. Milli mədəniyyətlərin qorunması onların dilinin, milli adət və ənənələrinin, başqa sözlə, milli ruhunun qorunması deməkdir. Bir coğrafiya daxilində yerləşmiş bütün xalqların milli ruhunun yaşadılması isə inkişaf, vahid milli dəyərlər sisteminin formalaşması, xalqların rifahı, həmçinin dövlətçiliyin möhkəmlənməsidir. Müasir Azərbaycanda qədim alban abidələri, müxtəlif xalqlara mənsub dini və tarixi abidələr, Xınalıq, Malakan, Lahıc, Buduq, Nij, Krasnaya Slaboda və s. kimi müxtəlif tarixi-coğrafi məkanlar dövlət səviyyəsində qorunmaqdadır.
7. Ölkəmizdə ordu quruculuğu sahəsində aparılan işlər barəsində nə deyə bilərsiniz?Cavab: Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması baradə qərar və həmin il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Silahlı Qüvvələrin yaradılması haqqında qanun qəbul edilməsinə baxmayaraq, respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Torpaqların müdafiəsi yalnız pərakəndə fəaliyyət göstərən könüllü dəstələrin ümidinə qalmışdı. Həmçinin, şəxsi mənafelərə qulluq edən ayrı-ayrı başıpozuq silahlı dəstələr vardı. Bütün bunlara yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra son qoyuldu. Heydər Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi hərbi sahədə də dirçəlişə nail ola bildi. O, yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək, vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratdı. Ali Baş Komandanın ön xəttə səfər edərək döyüşçülərimizlə səngərdə görüşməsi və onları döyüşə ruhlandırması öz real bəhrəsini verdi. Çox keçmədi ki, 1994-cü ilin əvvəllərində Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində düşmənə qarşı uğurlu hərbi əməliyyat həyata keçirildi. Ordu quruculuğunun əsas tərkib hissəsi olan hərbi təhsil, ixtisaslı hərbi kadrların hazırlanması prosesi də daim diqqət mərkəzində idi. Əsası Naxçıvanski adına hərbi liseylə qoyulan hərbi təhsil müəssisələrimizin sayı nüfuzlu ali hərbi təhsil ocaqları hesabına daha da genişləndi. 1997-ci ildə Azərbaycan Ali Hərbi Məktəbi yaradıldı. Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzi təşkil edildi. Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin də ölkəmizin müdafiə qüdrətinin artırılmasında xüsusi rolu vardır. Yüksək kadr potensialı və geniş maddi-texniki bazası olan yerli hərbi məktəblərlə yanaşı, hərbçilərimiz bir sıra vacib hərbi ixtisaslar üzrə təhsil almaq üçün Türkiyəyə, Rusiyaya, Ukraynaya, Pakistana, Çinə və digər ölkələrə göndərildi. Eyni zamanda Azərbaycan hərbçiləri NATO-nun «Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində təşkil olunan müxtəlif ixtisasartırma və təlim kurslarında da yaxından iştirak edirlər. Azərbaycanın NATO ilə əlaqələri artıq «Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı» çərçivəsində inkişaf edir. Bu isə ölkəmizdə ordu quruculuğu prosesində növbəti nailiyyətlərin qazanılması üçün möhkəm təməl deməkdir. Lakin ordu quruculuğu elə bir spesifik sahədir ki, burada iş yalnız iqtisadi imkanlardan kifayət qədər bəhrələnməklə bitmir. Azərbaycan öz ordusunun gücünü, kadrların hərbi peşəkarlığını daim artırır, hərbi qüdrətini yüksəldir. NATO ilə sıx və səmərəli əməkdaşlığın əsas hədəfi də məhz ordu quruculuğu prosesini sürətlə təkmilləşdirmək, Silahlı Qüvvələri modernləşdirmək, müasir standartlara uyğunlaşdırmaqdır. Yekun məqsəd, başlıca niyyət isə, heç şübhəsiz, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, Qarabağın və ermənilərin zəbt etdikləri bütün bölgələri düşməndən təmizləməkdir. Əvvəldə vurğuladığımız kimi, artıq bu qəti mərhələyə doğru gedən yolda hərbi və siyasi baxımdan xeyli mühüm nəticələr əldə olunub və bu proses davam etməkdədir. Müşahidələr göstərir ki, Azərbaycan özünün potensial hərbi üstünlüyünü real nəticəyə çevirmək mərhələsinə qədəm qoyub. Bu günləri ölkə başçısı İlham Əliyevin uğurlu siyasəti nəticəsində ordu quruculuğunda mühim irrəlləyişlər olmuşdur.
Hazirladi. Cavid Əli oğlu Turan.