Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə dair suallar və onların cavabları
SUAL: Müəllimlərin işə qəbulu prosesi necə həyata keçirilir?
CAVAB: Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə
qəbulu Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.
SUAL: Müsabiqə hansı mərhələlərdən ibarətdir?
CAVAB: Müsabiqə 4 mərhələdən ibarətdir: elektron ərizədəki göstəricilərin yoxlanılması,
test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsi
SUAL: Müəllimlərin işə qəbulu üzrə müsabiqədə kimlər iştirak edə bilər?
CAVAB: Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş
və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər
iştirak edə bilər.
SUAL: Orta ixtisas və ali təhsil müəssisələrində pedaqoji ixtisaslar üzrə təhsil alan
sonuncu kurs tələbələri müsabiqədə iştirak edə bilərmi?
CAVAB: Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrində pedaqoji ixtisaslar üzrə təhsil
alan sonuncu kurs tələbələri iştirak edə bilərlər. Bunun üçün namizədlər elektron ərizələrində
“Təhsil haqqında sənədin nümunəsi” bölməsinə “Arayış” sözünü yazmaqla qeydiyyatdan keçə
bilərlər. Qeyd edək ki, müsabiqənin növbəti mərhələlərində həmin namizədlərdən müvafiq təhsil
haqqında sənəd tələb olunacaq.
SUAL: Müsabiqədə iştirak etmək istəyən namizədlər qeydiyyatdan necə keçəcəklər?
CAVAB: Müsabiqədə iştirak etmək istəyən namizədlər elektron sənəd qəbulu üçün elan
edilən vaxtda miq.edu.az saytında şəxsiyyət vəsiqəsinin fin kodunu və xanada qeyd olunmuş
təhlükəsizlik kodunu daxil edərək qeydiyyatdan keçməlidirlər.
SUAL: Miq.edu.az saytından qeydiyyatdan keçərkən xüsusi diqqət yetirmək lazımdır:
CAVAB: Qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin fin kodunu və xanada qeyd olunmuş
təhlükəsizlik kodunu daxil etdikdən sonra səhifədə iş nömrəsi görünəcək. Namizəd həmin iş
nömrəsini yadda saxlamalıdır. Daha sonra yenidən şəxsi səhifəyə daxil olmaq üçün həmin iş
nömrəsi tələb ediləcək.
SUAL: Müsabiqənin test imtahanı mərhələsində iştirak edəcək şəxslərdən COVID-19
pasportu tələb ediləcək?
CAVAB: Test imtahanı mərhələsində iştirak edəcək şəxslərdən COVID-19 peyvəndi ilə bağlı
hər hansı bir sənəd tələb olunmayacaq. Müsabiqənin növbəti mərhələlərində sözügedən sənəd
tələb olunacağı təqdirdə namizədlərə əvvəlcədən müvafiq məlumat veriləcək. Koronavirus
infeksiyasının daha geniş yayılmasının qarşısının alınması, eyni zamanda özümüzün və digər
vətəndaşların sağlamlığının təmin edilməsi məqsədilə namizədlərin virus əleyhinə peyvənd
olunması tövsiyə edilir.
SUAL: Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul necə həyata
keçirilir?
CAVAB: Müəssisələrdə vakant olan gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər
vəzifəsinə işə qəbul tabelik üzrə təhsili idarəetmə orqanı və Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin strukturuna daxil olan yerli idarəetmə orqanları ilə razılaşdırılmaqla
müəssisə rəhbəri tərəfindən həyata keçirilir.
SUAL: Test imtahanı necə təşkil olunur?
CAVAB: Test imtahanında hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin
fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir.
SUAL: Müəllimlərin işə qəbulu zamanı namizədlər neçə vakant yer seçə bilirlər?
CAVAB: Test imtahanı mərhələsində keçid balı toplamış namizədlər səkkiz vakant yer seçə
bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim
ardıcıllığı gözlənilməklə aparılır.
SUAL: Hazırda müəllim işləyən şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə
iştirak edə bilərmi?
CAVAB: Ümumi təhsil müəssisələrində hazırda müəllim vəzifəsində çalışan şəxslər cari
müsabiqədə iştirak edə bilərlər.
SUAL: Müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə əlaqədar ötən illərdəki
nəticələr müəllimlərin işə qəbulu imtahanlarında nəzərə alınacaqmı?
CAVAB: Ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz 10 il müddətsiz müqavilə ilə
müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik
qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun müəllimlərin işə
qəbulu müsabiqəsinin birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. Həmin şəxslər
elektron ərizələrində “müsabiqə növü” bölməsində müvafiq bəndi seçməlidirlər.
SUAL: Müsahibə mərhələsində namizədlərin bilikləri necə yoxlanılır?
CAVAB: Bu mərhələdə namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və
ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır.
SUAL: İşə qəbul müsabiqəsi nəticəsində namizədin topladığı balın növbəti işə qəbul
müsabiqələrində rolu varmı?
CAVAB: Müsabiqənin test imtahanı mərhələsində toplanmış bal yalnız həmin tədris ili üçün
qüvvədədir.
SUAL: Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə
işə qəbul necə həyata keçirilir?
CAVAB: Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə
müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu Təhsil Nazirliyi
tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşdirilmiş qaydada həyata keçirilir.
SUAL: Müsabiqənin yekun nəticələri nə zaman elan olunacaq?
CAVAB: Müsabiqə bitdikdən sonra yekun nəticələrə əsasən, iş yerini dəyişən və işə qəbul
olunan müəllimlərin siyahısı Təhsil Nazirliyinin internet səhifəsində yerləşdiriləcək, müvafiq
siyahılar müşayiətedici məktubla aidiyyəti təhsili idarəetmə orqanlarına və ərazi maliyyə
hesablaşma mərkəzlərinə göndəriləcək.
SUAL: Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə baxılacaqmı?
CAVAB: Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə müsabiqə başa çatdıqdan
sonra tərkibi Təhsil Nazirliyi tərəfindən formalaşdırılan apelyasiya komissiyası tərəfindən bir həftə
ərzində baxılacaq..
SUAL: Əvvəlki ildə olduğu kimi, cari ildə də müsabiqənin test imtahanı regionlarda
təşkil olunacaq?
CAVAB: Cari tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin regionlarda təşkili nəzərdə
tutulub.
SUAL: Cari ildə keçirilən yerdəyişmə müsabiqəsində iştirak edən şəxslər müəllimlərin
işə qəbulu müsabiqəsində iştirak edə bilərmi?
CAVAB: 2021-2022-ci tədris ili üzrə keçirilən iş yerinin dəyişdirilməsi müsabiqəsində iştirak
edən şəxslər müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilərlər