Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdlərinə psixoloji dəstək göstərilməsi ilə bağlı videoçarx və təlimatlar hazırlanıb.
“Böhran zamanı uşaqlara psixososial dəstək” adlı videoçarx və “Şagirdlərə psixososial dəstəyin göstərilməsi”, “Valideynlər üçün uşaqlara psixososial dəstəyin göstərilməsi” adlı təlimatlar Təhsil Nazirliyinin 2021-ci il üzrə Fəaliyyət Planına əsasən Təhsil İnstitutu tərəfindən hazırlanıb.
Təlimatlarda pandemiya nəticəsində sosial təcridin, ənənəvi həyat tərzindən uzaq qalma və məktəblərin əsasən məsafədən fəaliyyət göstərməsinin uşaqların və ailələrinin psixososial vəziyyətinə təsiri, müəllimlərin və valideynlərin şagirdlərə psixososial dəstək göstərmək üçün diqqət etməli olduğu məqamlar, uşaqlarda yaranan müxtəlif davranış problemlərinin həlli üçün çıxış yolları ilə bağlı tövsiyələr verilib.
Videoçarxda isə böhran vəziyyəti nədir, böhranın müxtəlif yaş qruplarındakı (məktəbəqədər yaşlı uşaqlar və yeniyetmələr) uşaqlara, onların emosiyalarına mənfi təsirləri, uşaqların stresə reaksiyası və onların böhran zamanı ən çox keçirdiyi hisslər kimi məsələlər izah edilib və valideynlər üçün uşaqlara psixososial dəstəklə bağlı məsləhətlər verilib.