TDM-ə işə qəbul müsabiqəsinin imtahan mərhələsi keçirilib
Bakı Şəhər üzrə Təhsil İdarəsinin nəzdindəki Təlimə Dəstək Mərkəzinə (TDM) işə qəbul müsabiqəsinin onlayn qaydada imtahan mərhələsi keçirilib.
Üç mərhələdən ibarət müsabiqənin imtahan mərhələsində TDM-də Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, ingilis dili, ibtidai sinif, fizika, kimya, biologiya, tarix, coğrafiya və informatika ixtisasları üzrə metodist (mentor) kimi çalışmaq arzusunda olan 62 nəfər iştirak edib.
Müsabiqənin imtahan mərhələsində I turdan uğurla keçən iştirakçılar 120 dəqiqə vaxt ərzində 60 sualdan ibarət test tapşırıqlarını cavablandırıblar. İmtahanda 20 qapalı sual ixtisas, 20 açıq sual metodika, 10 açıq sual İKT bacarıqları, 10 açıq sual isə dünyagörüşü üzrə olub.
İmtahanda müəyyən edilmiş balı toplayan namizədlər müsahibə mərhələsinə buraxılacaq.
Qeyd edək ki, TDM-in fəaliyyətinin əsas məqsədi ümumi təhsil müəssisələrində pedaqoji prosesin sistemli idarə olunmasının dəstəklənməsi, yeni yanaşmaların məktəblərdə çevik tətbiqinin təmin edilməsi, məktəbdaxili və məktəblərarası öyrədici mühitin zənginləşdirilməsi, təlimin keyfiyyətinin artırılması və fənn metodbirləşmələrinin fəaliyyətinin düzgün istiqamətləndirilməsindən ibarətdir.
TDM ümumi təhsil müəssisələrinə müasir təhsil proqramlarının tələblərinə uyğun dəstək verir və məktəblərdə keyfiyyətin təmin edilməsinə nail olmaq üçün müvafiq istiqamətlər üzrə metodiki yardım göstərir.