“Türkiyə ilk günlərdən Azərbaycanın haqq işinə dəstək vermişdir”.Türkiyə Vətən müharibəsinin ilk günlərindən Azərbaycanın mübarizəsində daim onu dəstəkləmişdir. Azərbaycanı dəstəkləməklə haqqın, ədalətin tərəfində olduğunu nümayiş etdirdi. Çünki Azərbaycanın işi haqq işi idi. Keçilən yola qısa nəzər salanda görürük ki, Türkiyə-Azərbaycan birliyi dərin köklərə malikdir.Bu işi ilk gündə olduğu kimi bu gündə dəstəkləyən öz fikrini açıq şəkildə bütün dünyaya bəyan edən Türk Cümhuriyyətinin rəhbəri Rəcəb Tayyib Ərdoğannın Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr olunan paradda səsləndirdiyi bu fikirləri bir daha xatırlatmaq istərdim: “Biz bu gün yalnız Qafqaz İslam Ordusunun və azərbaycanlı qardaşlarımızın dillərdə dastan olan mübarizəsi ilə Bakının işğaldan azad olunmasının 100-cü il dönümünü qeyd etmirik, eyni zamanda əziz şəhidlərimizin bizə əmanəti olan “ Bir millət, iki dövlət” deyə rəmzləşdirdiyimiz qan qardaşlığımızı da dərk edirik. Azərbaycanın sevinci bizim sevincimiz, qüruru bizim qürurumuz, dərdi, ağrısı, problemi bizim problemimizdir. Azərbaycan kədərlənərsə biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik. Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir. Türkiyə olaraq problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəyik.” İkinci Qarabağ müharibəsi başladığı ilk saatlardan etibarən Azərbaycan istiqamətində öz qəti mövqeyini bəyan edən Türkiyə Respublikasının istər rəsmi dairələri, istərsə də Türkiyə ictimaiyyəti siyasi və diplomatik dəstəyini davam etdirmişdir. Belə ki, müharibənin başlandığı tarixdən etibarən, sentyabrın 27-də Türkiyənin Müdafiə naziri H.Akar Azərbaycanın tərəfində olduğunu bildirərək Ermənistanın mövqeyinin Cənubi Qafqazda sülh və sabitliyin ən böyük əngəli olduğunu vurğulamışdır. Sonrakı günlərdə Türkiyənin Azərbaycana dəstəyinin bariz nümunəsi olaraq Xarici işlər naziri M.Çavuşoğlunun Bakıya səfərləri baş tutmuş, bu səfərlər gedişində Türkiyəli nazir Azərbaycanın hər zaman dost ölkəyə güvənə biləcəyini bir daha bəyan etmiş, hərbi əməliyyatlar gedişində hər iki tərəfin itkilərindən Paşinyanın məsuliyyət daşıdığını bildirmişdir.” Qeyd edək ki, istər müharibə gedişində, istərsə də müharibədən sonrakı günlərdə Türkiyənin rəsmi dairələri ilə yanaşı, türk ictimaiyyətinin də Azərbaycan dövlətinə və xalqına dəstəyi yüsək olmuşdur. Türkiyənin media qurumlarının o günlərdə Azərbaycana birmənalı dəstəyi, daim yanımızda dayanması, operativliyi, obyektivliyi peşəkarlığı, xalqımızın 30 illik Qarabağ savaşı və Vətən müharibəsi həqiqətlərini dünyaya yayması isə bir daha “iki dövlət – bir millət” olmanın əyani ifadəsinə, birlik və bərabərliyimizin təntənəsinə çevrildi. Bir neçə dəfə erməni vandalizminə, düşmənin raket zərbələrinə məruz qalan, qəddarlıq dramları səhnələrinə çevrilən Gəncədən, Bərdədən, Tərtərdən, Naftalandan və digər bölgələrdən yayımlanan birbaşa, canlı reportajlar Azərbaycanın tək, yalnız buraxılmadığının, əsl həqiqətlərin kimin tərəfində olmasının dünyaya nümayişi oldu. Əlbəttə ki Zəfərimizdə Türkiyə istehsalı “Bayraktar” zərbə PUA-larının rolu çox böyükdür”. Dost qardaş Türkiyənin dəstəyi nəinki dövlət başçısı səviyyəsində , eyni zamanda Türkiyə xalqından da Azərbaycan xalqına böyük dəstək görmüş olduq. Yaxın günlərdə Türkiyə xalqının Azərbaycanla bağlı sorğulardakı cavabları ilə qardaşlığını hiss etmiş olduq. Onların arasında “Dağlıq Qarabağda savaş başlayarsa, düşünmədən gedərəm” deyən qan qardaşlarımız vardı. Bunu başqa heç bir millət Azərbaycan üçün etməz. Bu bir daha “Türkün türkdən başqa dostu yoxdur” ifadəsini təsdqiləmiş oldu! Dağlıq Qarabağ uğrunda erməni işğalçılarına qarşı mübarizədə Türkiyə Cümhuriyyətinin ürəkdən gələn etibarlı qardaş sözü hər cür silahlı müdafiədən qat-qat üstündür. Döyüş meydanlarında işğalçı Ermənistanın layiqli dərsini verməyi bacaran Azərbaycan üçün qardaş Türkiyənin gerçək mənəvi dəstəyi hərbi-iqtisadi köməyindən də əhəmiyyətlidir. Müharibənin başa çatıb sülhməramlıların bölgəyə yerləşdirilməsi gedişində də Azərbaycanın Türkiyə ilə sıx əməkdaşlığı aktual qalmışdır. Bu istər siyasi, istərsə də diplomatik müstəvidə davam etmişdir. Belə ki, artıq noyabrın 10-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri M.Çavuşoğlunu, milli müdafiə naziri H.Akarı və Milli Kəşfiyyat idarəsinin rəisi H.Fidanı qəbul etmişdir. Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, “Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə bəlkə də ən yüksək səviyyədədir. Bütün bu günlər ərzində Türkiyənin vəzifəli şəxsləri, Məclis üzvləri, nazirlər, ictimai fəallar, mətbuat, geniş ictimaiyyət, bizim bütün qardaşlarımız bizə çox böyük dəstək oldular. Bu, bizə əlavə güc verdi, ruh yüksəkliyimizi daha da artırdı”. Türkiyə Cümhuriyyətinin müstəqil Azərbaycan Respublikasının ölkəmizin əzəli torpaqları və ayrılmaz bir parçası olan Dağlıq Qarabağ uğrunda erməni işğalına və təxribatına qarşı apardığı mübarizədə, özünümüdafiə tədbirlərində müstəqil dövlətimizin və xalqımızın haqq işini müdafiə etməsi qədim tarixə malik ortaq milli-mənəvi və dini dəyərlərimizə ehtiram əlaməti olmaqdan başqa, həm də uydurma ikili standartların yox, ədalətin qələbə çalmasına dəstək verməyin əsl xidmətin ifadəsidir.” Bəzi siyasətçilər və politoloqlar İkinci Qarabağ müharibəsində təkcə Azərbaycanın deyil, Türkiyənin də qalib gəldiyini düşünməkdədirlər. Eyni dil, din və tarixi köklərə malik olan iki ölkənin həm də hərbi-siyasi əməkdaşlığı, iqtisadi əlaqələri və diplomatik gücü təkcə Cənubi Qafqaz bölgəsində deyil, böyük bir Avrasiya coğrafiyasında Azərbaycan-Türkiyə amilinin möhkəmlənməsi deməkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 10 dekabr Zəfər paradında çıxış edərkən qeyd etmişdir: “Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda bütün dünyaya göstərdik.” Bir sözlə, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir. Azərbaycan-Türkiyə dünyada bütün istiqamətlər üzrə vahid mövqedən çıxış etməyin, dünyaya sülh və barış gətirməyin nümunəsidir. Əminlikdə deyə bilərik ki, bu dostluq, qardaşlıq əbədi yaşayacaq. Çünki biz bir-birimizə qanımızla, canmızla, dilmizlə, dinmizlə bağlıyıq! Təşəkkür Türkiyə Azərbaycanın haqq işinə verdiyin mənəvi dəstəyə, birliyə, həmrəyliyə görə Sonda fikirlərimi Bəxtiyar Vahabzadənin Azərbaycan-Türkiyə şeirinin misraları ilə bitirmək istiyirəm. Bu parça qardaşlığımıza, birliyimizə, mübarizəmizə ithaf olsun!
Bir millətik, iki dövlət
Eyni arzu, eyni niyyət
Hər ikisi Cümhuriyyət
Azərbaycan-Türkiyə.
Bakı şəhəri E.Cəfərov adına 118 nömrəli tam orta məktəbin direktoru Ağcayev Nizaməddin Fərhad oğlu