Məktəbdəki hadisələrin səbəbləri: Şıltaqlıq, yoxsa “qəhrəman”lıq? – Mehriban Vəliyeva ilə MÜSAHİBƏ
Son vaxtlar məktəblərlə bağlı müzakirələrdə müxtəlif mövqelərin toqquşması bir daha bu mövzuda bir çox məsələlərə aydınlıq gətirmək zərurəti yaratdı. Baş verən müxtəlif hadisələrdə daha çox təhsil müəssisələri qınaq obyekti olsa da, şagird və valideynlərin məsuliyyət payını gündəmə gətirənlər də az deyil.
Bütün bunlarla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva Oxu.Az-ın suallarını cavablandırıb. “Muasirtəhsil” Oxu.Az-a istinadən müsahibəni paylaşır.
– Mehriban xanım, paytaxtda fəaliyyət göstərən ümumi təhsil müəssisələrində mövcud olan problemlər əsasən nədən ibarətdir? Bunlarla bağlı daimi olaraq monitorinqlər aparılırmı?
– Təhsil daim inkişaf edən, yeniləşən, islahatlara açıq bir sahədir. Odur ki, təhsildə baş verən dəyişikliklər dünya təhsilinin trendləri ilə ayaqlaşmaq baxımından daha çevik və daha səmərəli olmalı, eyni zamanda Azərbaycan təhsilinin ənənələri, mövcud reallıqlar ilə uzlaşdırılmalıdır.
Təbii ki, inkişafa gedən yolda hədəflərə daha tez çatmaq üçün problemləri görmək və həllinə nail olmaq mühüm şərtlərdəndir. Bu, tədrisin təşkili, keyfiyyətin artırılması, münasibətlərin tənzimlənməsi, yeniliklərin tətbiqi, təşəbbüskarlığın inkişafı, mövcud imkanlardan səmərəli istifadə olunması və digər çoxsaylı istiqamətləri özündə birləşdirir.
Qeyd etdiyimiz kimi, təhsildə keyfiyyətin artırılması həmişə aktual olan məsələdir. Bununla bağlı peşəkar və strateji yanaşmalardan irəli gələn tədbirlər görülür. Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən 4 istiqamətdə – təhsil müəssisələrinin idarəetmə və keyfiyyəti, şagird nailiyyətləri və onun şəxsi inkişafı, öyrətmə və qiymətləndirmə, dəstəkləyici mühitin yaradılması ilə bağlı monitorinqlər aparılır.
Bu istiqamətlər üzrə təxminən 23-ə yaxın məktəbdə aparılan monitorinqlərə dair hesabatlar təqdim olunub. Əsas məsələ bundan sonrakı mərhələdir.
– Təqdim olunan hesabatlarla bağlı hansı addımlar atılacaq?
– Təbii ki, əsas məsələ müəyyən olunan, aşkara çıxarılan nöqsanların həllinə çalışmaqdır. BŞTİ tərəfindən də bir sıra məktəblərdə monitorinqlər aparılır. Ötən ilin dekabr ayında təxminən 68 məktəbdə monitorinqlər həyata keçirildi, müvafiq tapşırıqlar verildi və hazırda da bu monitorinqlər davam etdirilir.
Həmin məktəblərdə verilən tapşırıqlar əsasında görülən işlərin gedişatı yoxlanılır. Sonrakı mərhələdə isə buna uyğun olaraq tənzimləyici tədbirlər həyata keçiriləcək. Yəni əsas məqsəd inkişafa yönəlməkdir, harada səhvə yol vermişiksə onu aşkara çıxarmaq və həlli istiqamətində çalışmaqdır. Sonrakı mərhələlərdə həmin səhvlər düzəlmirsə, o halda tənzimləyici addımlar atılır.
Yeri gəlmişkən qeyd edim ki, BŞTİ-nin nəzdindəki Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən Məktəbin İnkişaf Planının hazırlanmasının ilk mərhələsinə start verilib. Mərkəzin metodistləri paytaxtdakı ümumi təhsil müəssisələrində pedaqoji kollektivlə görüşlər keçirir, məktəblərdəki real vəziyyətlə tanış olmaq üçün dərs müşahidələri aparır, təlim-tərbiyə prosesinin inkişafı istiqamətinə yaxından dəstək göstərmək məqsədilə məktəb kollektivi ilə müzakirələr təşkil edirlər.
Əsas məqsəd Təhsildə Keyfiyyət Təminatı Agentliyinin inspeksiya nəticələrinə əsasən aşkarlanmış çatışmazlıqların aradan qaldırılmasından ibarətdir.
Son zamanlar məktəblərlə bağlı bəzi hallar geniş müzakirə obyektinə çevrildi. Baş verən hər hansı bir hadisədə qınaq obyekti niyə məhz məktəb olur? Problem məktəbdən qaynaqlanmasa belə, bir sıra hallarda günah elementlərini dolayısı ilə məktəbdə axtarmağa çalışırıq. Hansı faktorlardır təhsili qınaq hədəfinə çevirən?
– Təhsil elə bir sahədir ki, cəmiyyətin böyük bir qismini bilavasitə və dolayısı ilə maraqlandırır. Çox az ailə tapılar ki, orada təhsil alan, məktəblə əlaqəsi olan kimsə olmasın. Belə olan halda təhsil hamımızı bu və ya başqa şəkildə maraqlandıran, düşündürən sahə olduğu üçün baş verənlərdən də kənarda qala bilmərik. İstər uğurlarımız olsun, istərsə də baş verən hər hansı xoşagəlməz hadisə.
Təəssüflər olsun ki, məktəbdə baş verən neqativ olayların yayılma arealı hər hansı şagirdin uğuru, məktəbin nailiyyətlərinin yayılmasından daha genişdir. Son zamanlar məktəblərdə baş verən və gündəmin əsas mövzusuna çevrilən neqativ hadisələrin bir çox səbəbləri var. Məlumdur ki, pandemiya şəraiti ilə əlaqədar təxminən il yarımlıq bir müddətdə şagird və valideyn məktəbdən qismən uzaqlaşdı.
Bu fiziki məsafə arada olan münasibətlərin tənzimlənməsində də sanki məsafə yaratdı. Bu, təkcə Azərbaycanda deyil, dünyada da belədir. Hazırda fəaliyyət istiqamətlərimizdə ən çox önəm verdiyimiz məsələlərdən biri də budur: şagird, müəllim, valideyn münasibətlərində ortaya çıxan boşluqları aradan qaldırmaq və bu əməkdaşlığı lazımi müstəviyə daşımaq.
Ona görə də baş verən hər hansı neqativ hadisə sırf məktəbdən qaynaqlanır kimi qəbul olunmamalıdır. Əgər bir ailənin övladı evdə hansısa xoşagəlməz davranış sərgiləyirsə, valideyn bundan narahat olur və həlli yollarını axtarmağa başlayır. Biz də bu gün problemlərin həlli istiqamətində çalışırıq.
Xüsusilə də söhbət yeniyetmələrdən gedirsə, bu durumda bir qədər də həssas davranmaq tələb olunur. Bu yaşda olan şagirdlər bəzən etdikləri hərəkətlərlə özlərini təsdiq etmək istəyirlər. Sərt cəza üsulları onları tərbiyələndirmək əvəzinə daha böyük problemlərə yol aça bilər. Odur ki, daha adekvat yollarla problemin həllinə çalışmaq lazımdır. Bu işdə valideyn-müəllim birliyi olduqca vacibdir.
Bu baxımdan ümumilikdə cəmiyyət işi olan təhsilin müzakirəsi, mövcud problemlərin həlli yollarının daha optimal variantlarının tapılması üçün davamlı səylər göstərilir. Bu yaxınlarda Təhsil Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə keçirilən “Təhsilə ictimai baxış” mövzusunda aparılan müzakirələr buna yaxşı misaldır.
Düşünürəm ki, hər bir məsələ müzakirədə daha aydın müstəviyə çıxa bilir. Problemlərə açıq münasibət və yanaşmaların uzlaşdırılması mühüm əhəmiyyət kəsb edir.
– Necə düşünürsünüz, hamını qane edən məktəb necə olmalıdır?
– Əgər bu sual 40 il bundan əvvəl verilmiş olsaydı, cavabı da fərqli olacaqdı. Çünki əvvəldə də dediyimiz kimi, təhsil daim inkişaf edən, yeniliklər tələb edən bir sahədir. Biz 40 il əvvəlki təhsili bu gün şagirdlərə aşılasaq, istənilən nəticə olmayacaq.
Müasir təhsil sistemi yeni çağırışları diktə edir. Azərbaycan təhsilinin illərlə mövcud olmuş ənənələrini qoruyub saxlamaqla həm də yeni dünyanın tələb etdiyi reallıqlarla da ayaqlaşmalıyıq. Necə deyərlər, formaca yeni, məzmunca milli təhsil əsasında işimizi qurmalıyıq. Əminliklə söyləyə bilərik ki, bu gün çox gözəl məktəb idarə edən müəllimlərimiz, direktorlarımız var.
Bununla belə idarəçilikdə müəyyən zəif tərəflərimiz də var. Bu istiqamətdə də müntəzəm olaraq monitorinqlər aparılır. Məqsədimiz də odur ki, müəllim daim öz üzərində işləsin, yenilikçi, novator olsun, yeni trendlərin tətbiqində maraqlı olsun.
Təhsilin daha çox müzakirə obyektinə çevrildiyi məkanlardan biri də məhz sosial şəbəkələrdir. Sosial platformalara qlobal müstəvidə nəzarətin tənzimlənməsi qeyri-mümkün olan bir prosesdir. Hansı addımlar atılmalıdır?
– Dediyiniz kimi, dünya miqyasında sosial şəbəkələrə konkret nəzarət mexanizmi mövcud deyil. Hər bir sosial şəbəkə platforması qlobal resursdur. Bu baxımdan burada sərt yanaşmalar, tənzimləmələr qeyri-mümkündür. Bir müddət bundan əvvəl yeniyetmələrin “TikTok” platforması üzərindən bir neçə paylaşımının şahidi olduq.
Aydın məsələdir ki, həmin şagirdlər sadəcə uşaq şıltaqlığı edərək bununla özlərini “qəhrəman” kimi göstərmək istəyirlər. Həmin şagirdlərlə və onların valideynləri ilə danışıqlar aparıldı. Yeniyetmələr özləri də etiraf etdi ki, sosial şəbəkədə reytinq qazanmaq xətrinə belə bir addım atıblar.
Burada təkcə məktəb yox, cəmiyyət olaraq məsuliyyəti qəbul etməliyik. Müəllim, şagird və valideynlər hər biri təhsil iştirakçısıdır. Təhsil Qanununda onların vəzifələri də konkret olaraq göstərilib. Müəllimin vəzifələri ilə yanaşı valideyn də övladının mənəvi yetkinliyinə cavabdehdir. Uşağının sosial şəbəkələrdəki davranış və hərəkətlərinə, paylaşımlarına, orada keçirdiyi vaxta nəzarət etməlidir.
Yaş məhdudiyyətinə və tədris prosesində geriləməməsinə görə isə uşaqların sosial şəbəkələrdən uzaqlaşdırılması da bir başqa mövzunun söhbətidir. Bəzən uşaqlara nəzarət baxımından ifrat dərəcədə laqeydlik hazırkı mənzərənin ortaya çıxmasına səbəb olur. Bu baxımdan məktəblərin üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinə nəzarəti artırırıq.
Zəruri maarifləndirici işlər görülür, psixoloji yardımlar göstərilir. Bu prosesə ayrı-ayrılıqda məktəblilər, müəllim və valideynlər cəlb olunur. Həmişə olduğu kimi, valideynlərdən əsas xahişimiz ondan ibarətdir ki, övladlarına nəzarəti artırsınlar və məktəblə əməkdaşlıqdan çəkinməsinlər.
– Məktəb mühitinə uyğunlaşmaqda çətinlik çəkən, sadə dillə ifadə etsək, çətin tərbiyə olunan uşaqlarla necə işləmək lazımdır? Bu istiqamətdə hansı işlər görülməlidir? Ümumiyyətlə, məktəblərdə uşaqlar tənbeh oluna bilərmi və ya necə tənbeh olunmalıdır?
Çətin tərbiyə olunan uşaqlarla iş, xüsusi hallarla bağlı yanaşma təklikdə bir qurumun və ya təkcə ailənin işi deyil. Cəmiyyətdə uşaqların daha hərtərəfli və faydalı olması üçün hər kəs öz məsuliyyətini düzgün dəyərləndirməlidir.
Cəmiyyət olaraq hər bir uşağın həyat tərzi, təhsilə münasibəti, olduğu mühit bizim üçün aktualdır. Hər bir istiqamət üzrə uşaqları nəzarətdə saxlamaq ehtiyac olduğu təqdirdə profilaktik tədbirlərə və vaxtında müdaxilə etməyə imkan verir. Unutmamalıyıq ki, hansısa bir uşaq təhsildə, yaradıcılıqda və ya idmanda yüksək uğurlar qazanmasa da, o da nümunəvi vətəndaş, yaxşı sənətkar, uğurlu idmançı və ya qəhrəman ola bilər.
Məktəblərdə təhsilalanların təlim və tərbiyə mühitinin yaxşılaşdırılması üçün ilk öncə məktəb psixoloqlarının təkmilləşdirilməsi vacibdir. Belə ki, ilk olaraq, məktəb psixoloqları üçün dövrün tələbinə uyğun təlimlər keçirilməli, peşəkar psixoloqlar tərəfindən yeniyetməlik yaşında olan uşaqların problemlərinin həlli yolları ilə bağlı onlara biliklər verilməlidir.
Çətin tərbiyə olunan şagirdlərlə məktəb psixoloqları tərəfindən fərdi iş qurulmalıdır. Əlbəttə ki, təhsilalanların təlim prosesinə müsbət cavab verməsi və bəzi yaşlarda xüsusi problemlərin əmələ gəlməməsi üçün şagirdin ev şəraiti və ailə mühiti də çox önəmlidir.
Sinif rəhbərləri tərəfindən özünə qapanan, davranışında müəyyən problemlər hiss olunan şagirdlərin evlərinə ziyarətlər təşkil edilməli, ev, ailə vəziyyəti ilə bağlı monitorinq aparılmalı və həssas mühitdə böyüyən şagirdlər həm psixoloq, həm də sinif rəhbəri tərəfindən nəzarətə götürülməlidir.