Təhsil haqqında qanun
1. Təhsil haqqında qanun neçənci ildə qəbul olunmuşdur?
Cavab: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 iyun 2009-cu il IIIQ nömrəli sərəncamı ilə təsdiq edilmişdir.
2. Təhsil haqqında qanun nədən bəhs edir?
Cavab: Qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır.
3. Azərbaycan Respublikasında təhsil necə xarakter daşıyır?
Cavab: Dünyəvi və fasiləsiz
4. Ali təhsil və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olunmaq üçün müvafiq sənədləri təqdim etmiş şəxs adlanır?
Cavab: Abituriyent
5. Təhsildə uğurlu nəticələri ilə xüsusi fərqlənən, təhsil müəssisəsinin ictimai-mədəni həyatında fəal iştirak edən təhsilalanların həvəsləndirilməsi üçün dövlət, hüquqi və fiziki şəxslər tərəfindən konkret şəxsin adına təsis olunan təqaüd adlanır?
Cavab: Adlı təqaüd
6. Müəyyən sahə üzrə ali, orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsi necə adlanır?
Cavab: akademiya
7. Hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təhsildə nailiyyətlərinin və təhsilverənlərin (dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər istisna olmaqla) fəaliyyətinin qiymətləndirilməsi proseduru necə adlanır?
Cavab: Attestasiya
8. Dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru necə adlanır?
Cavab: Sertifikatlaşdırma
9. Müvafiq təhsil proqramlarına uyğun olaraq ümumi təhsilin evdə təşkili forması necə adlanır?
Cavab: Evdə təhsil
10. Vətəndaşların hərtərəfli təhsil tələbatını ödəmək məqsədi ilə təhsil proqramları əsasında verilən təhsil necə adlanır?
Cavab: Əlavə təhsil
11. Müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslər, habelə müəyyən bir sahə üzrə xüsusi istedadı ilə fərqlənən şagirdlər üçün tətbiq edilən təhsil forması necə adlanır?
Cavab: Fərdi təhsil
12. Elmi-pedaqoji təcrübəsi və fəaliyyəti ilə fərqlənən professorlara və dossentlərə, eləcə də dünya elminin və təhsilinin inkişafında xüsusi xidmətləri olan xarici ölkə alimlərinə və ictimai xadimlərinə ali təhsil müəssisəsi və elmi müəssisə tərəfindən verilən akademik ad (dərəcə) necə adlanır?
Cavab: fəxri professor (doktor)
13. Dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil forması nədir?
Cavab: Formal təhsil
14. Özünütəhsil yolu ilə biliklərə yiyələnmə forması nədir?
Cavab: İnformal
15. Müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil forması necə adlanır?
Cavab: Qeyri-formal təhsil
16. Təhsil fəaliyyətinə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən rəsmi sənəd nədir?
Cavab: Lisenziya
17. Müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma forması varmı?
Cavab: Var: sərbəst təhsil
18. Təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi necə adlanır?
Cavab: Tədris planı
19. Təhsil sahəsində innovasiyalar, orijinal təhsil və fənn proqramları, təlim metodları sistemi, təhsil modulları, təhsil layihələrinin ümumi adı…
Cavab: Təhsil məhsulu
20. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən təhsilin keyfiyyət təminatının və təhsil müəssisəsinə tələbə qəbulu ilə bağlı biliyin qiymətləndirilməsi xidmətləri, habelə Azərbaycan Respublikasında hüquqi şəхs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş təhsil müəssisələri tərəfindən məktəbəqədər, ümumi, peşə, orta ixtisas, ali, məktəbdənkənar və əlavə təhsilin, beynəlxalq fənn olimpiadalarına, beynəlхalq müsabiqə və yarışlara hazırlığın təşkili, o cümlədən nizamnamələri ilə müəyyən edilmiş vəzifələrinə uyğun olaraq həyata keçirdikləri digər xidmətlər…
Cavab: Təhsil xidmətləri
21. Təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi hansı sənədləri öz fəaliyyətində rəhbər tutur?
Cavab: Təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanunundan, təhsil sahəsinə aid olan digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn tələblər əsasında tənzimlənir.
22. Təhsil qanunvericiliyinin əsas məqsədi nədir?
Cavab: Təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsi və qorunması, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsi, onlar arasında münasibətlərin tənzimlənməsi, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılması.
23. Təhsil haqqında Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən hansı təhsil müəssisələrinə şamil edilmir?
Cavab: Bu Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən dini təhsil müəssisələrinə, xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqları yanında təhsil müəssisələrinə şamil edilmir.
24. Milli və ümumbəşəri dəyərlərin, şəxsiyyətin azad inkişafının, insan hüquq və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin, tolerantlıq və dözümlülüyün prioritet kimi qəbul olunması təhsil sahəsində hansı prinsipin məzmunudur ?
Cavab: Humanistlik
25. Təhsilalanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və azadlıqların genişləndirilməsi, təhsil müəssisələrinin muxtariyyətinin artırılması təhsil sahəsində hansı prinsipin tərifidir?
Cavab: Demokratiklik
26. Bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin olunması təhsil sahəsində hansı prinsipin qorunmasıdır?
Cavab: Bərabərlik
27. Milli və ümumbəşəri dəyərlərin qorunması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi təhsil sahəsində hansı prinsiplərin tətbiqidir?
Cavab: Millilik və dünyəvilik
28. Təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu təhsil sahəsinin hansı prinsipidir?
Cavab: Keyfiyyətlilik
29. Təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və son nəticəyə istiqamətlənən müasir metodlarla təşkili təhsildə hansı prinsipin tərifidir?
Cavab: Səmərəlilik
30. Təhsil xidmətləri nədir?
Cavab: Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən təhsilin keyfiyyət təminatının qiymətləndirilməsi və təhsil müəssisəsinə tələbə qəbulu ilə bağlı biliyin qiymətləndirilməsi xidmətləri, habelə Azərbaycan Respublikasında hüquqi şəхs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş təhsil müəssisələri tərəfindən məktəbəqədər, ümumi, peşə, orta ixtisas, ali, habelə məktəbdənkənar və əlavə təhsilin, beynəlxalq fənn olimpiadalarına, beynəlхalq müsabiqə və yarışlara hazırlığın təşkili, o cümlədən nizamnamələri ilə müəyyən edilmiş vəzifələrinə uyğun olaraq həyata keçirdikləri digər xidmətlər.
31. Təhsil sahəsində əldə olunmuş bilik və təcrübənin ardıcıl olaraq növbəti nəslə (dövrə) ötürülməsi təhsil sahəsində hansı prinsipin tərifidir?
Cavab: Varislik
32. Təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığının genişləndirilməsi təhsildə hansı prinsipin tərifidir?
Cavab: Liberallaşma
33. Milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli formada qoşulması, uyğunlaşması və qovuşması əsasında inkişafı təhsil sahəsində hansı prinsipin tərifidir?
cavab: İnteqrasiya
34. Azərbaycan Respublikasında təhsilin əsas məqsədi hansılardır?
Cavab: Təhsil haqqında qanunun 4-cü maddəsində müəyyən edilmişdir:
a) Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquq və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək;
b) milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq;
c) sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.
35. Təhsil hüququna dövlət təminatı necə müəyyən edilir?
Cavab: Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. Dövlət mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələrinə işə qəbulda, vəzifələrə təyin olunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, ixtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində, ixtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir. Dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir. Dövlət orta ixtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir. Dövlət əmək bazarının tələblərinə uyğun olaraq təhsil müəssisələrinə ixtisaslı kadr hazırlığı üçün dövlət sifarişləri verir və məzunların müvafiq işlə təmin olunmasına şərait yaradır. Dövlət maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsilini davam etdirməsinə təminat verir, sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına şərait yaradır. Dövlət milli təhsil ənənələrinin qorunmasına, inkişafına və innovasiyaların tətbiqinə təminat verir. Dövlət xaricdə yaşayan azərbaycanlıların təhsili ilə bağlı xüsusi layihələr və proqramlar həyata keçirir.
36. Təhsil sahəsində dövlət standartları nəyə deyilir?
Cavab: Təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur.
37. Dövlət standartları neçə il müddətinə qüvvədədir?
Cavab: 5 il müddətinə
38. Dövlət təhsil standartları hansı meyarlar əsasında müəyyən edilir?
Cavab: Təhsil sahəsində sınanmış mütərəqqi beynəlxalq meyarlar, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla müəyyən edilir.
39. Dövlət təhsil standartları nəyi müəyyən edir?
Cavab: Təhsilin məzmununu, idarə olunmasını, maddi-texniki və tədris bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini.
40. Dövlət təhsil standartları hansı təhsil müəssələrinə şamil edilir?
Cavab: Bütün təhsil müəssisələrinə şamil edilir.