Peşəkar idarəetmə kadrlarının hazırlanması sistemində əsas prinsip şəxsi maraqların, cəmiyyətin, dövlətin maraqlarının üst-üstə
düşməsidir. Bu subyektlərin birinin marağının olmaması rəhbər kadr hazırlığında qırıqlıq yaradır və belə olduqda istənilən nəticə əldə edilə bilməz. Rəhbər işçinin peşəkarlığı, hərtərəfli hazırlığı, onun şəxsiyyətinin bütövlüyü cəmiyyətin rəhbər kadrlara olan tələbatını özündə əks etdirir. Dövlətin vəzifəsi ondan ibarətdir ki, yeni tipli peşəkar idarəçilərə olan tələbatları müəyyənləşdirsin. Onların hazırlanması və formalaşdırılması üçün şərait yaratsın. Rayon (şəhər) təhsil şöbələrində məktəb rəhbərlərinə tələbkarlıq, onların professionallıq baxımından rəhbərliyə nə dərəcədə hazır
olmalarına münasibət şərti xarakter daşıyır. Onlar heç də yeni təyin olunanların hazırlıq səviyyələri ilə dərindən maraqlanmırlar. Ümumiyyətlə, yerli təhsil orqanlarında rəhbər kadrların hazırlanması, ixtisaslarının artırılması proqramı demək olar ki, yoxdur. Rəhbər pedaqoji kadrların attestasiyası isə artıq on illərdir ki, keçirilmir. Ondan başqa attestasiyanın keçirilməsi üçün obyektiv kriteriyalar da hazırlanmayıb. Əslində professional idarəetmə kadrlarının hazırlanması sistemində kadr siyasətinin xarakteri kadrların stabilliyi, lazımi vaxtda yenilərlə əvəz edilməsi, təhsilinin fasiləsizliyi və kadrların
irəli çəkilməsinin ritmik olması prinsiplərinə əsaslanmalıdır. İdarəçilərin hazırlanması sisteminin optimal variantı, fikrimizcə, iki təşkilati strukturun əlaqəli fəaliyyətindən asılı olmalıdır. Bu da yerli təhsil orqanı və idarəçi kadrların hazırlanması,
ixtisasının artırılması mərkəzi olmalıdır. Professor-müəllim kadrlarının azlığı, təhsil menecmenti, marketinqi, təhsil fəlsəfəsi və digər elmlər sahəsində ixtisaslı mütəxəssislərin olmaması bunun vahid mərkəzdə birləşməsini tələb edır. Digər tərəfdən rəhbər kadrların hazırlanması və ixtisasının artırılması problemlərinin tədqiqatları ilə faktiki olaraq, iki institut – Respublika Təhsil Problemləri İnstitutu və Azərbaycan Müəllimlər İnstitutu məşğul olur, onlar da Bakıda yerləşir. Bizim bu konseptual münasibətimiz – mərkəzləşmiş kadr hazırlığına, bir sıra təşkilati-pedaqoji şərait tələb edir:
– rəhbər pedaqoji işdə işləmək üçün, hər şeydən əvvəl, ilkin baza təhsili təşkil edilməli, attestasiya keçirilməli, sertifikat verilməli və hansı vəzifəni tuta biləcəyi müəyyənləşdirilməli, sonra isə vəzifəyə təyin edilməlidir;
– rəhbər vəzifəli şəxs tutduğu vəzifədə qiymətləndirilməli, stimullaşdırılmalı, aldığı kvalifikasiyaya onun fəaliyyətinin nəticələrinin uyğun gəlib-gəlməməsi müəyyənləşdirilməlidir.
Qeyd edilənlər, əlbəttə, idarəetmə kadrları ilə iş prosesində
müəyyən prinsiplərə riayət olunmasını tələb edir.
Bu prinsiplər aşağıdakılardır:
– təhsilləndir, qiymətləndir;
– təhsil almışı vəzifəyə təyin et;
– fəaliyyətində nəticələri tələb et;
– fəaliyyətinin nəticəsini kvalifikasiyasına uyğun olaraq qiymətləndir. Beləliklə, yeni kadr siyasəti rəhbər işçinin müəyyən vəzifə borcunun yerinə yetirilməsinə uyğunlaşması yox, əslində onun şəxsiyyətinin inkişafı və universal fəaliyyətə hazırlığının sistemidir. Bu da, hər şeydən əvvəl, baza idarəetmə təhsili əsasında təhsilin idarə olunması sahəsində ikinci təhsilə yiyələnməli və bu sahədə daima ixtisasını təkmilləşdirməlidir.