Cavid Cəfərzadə: “Müasir məktəb direktoru pedaqoji kollektivi axtarış və kəşflərə ruhlandıran lider olmalıdır ” Məktəb direktorlarının yeni formada – regional təhsil idarələri tərəfindən işə qəbulu günümüzün ən aktual problemləri sırasında yer almaqdadır. Bəs proses necə aparılmalı, müasir tələblərə cavab verəcək məktəb direktorları hansı fırqli keyfiyyətlərinə görə seçilməlidirlər. Mövzunu araşdırmaq üçün Bakı şəhəri E.Cəfərov adına 118 nömrəli tam orta məktəbin direktor müavini, təhsil üzrə mütəxəssis Cavid Cəfərzadəyə müraciət etdik.
Cavid müəllim, bildiyiniz kimi, yaxın günlərdə regional təhsil idarələri tərəfindən məktəb direktorlarının işə qəbulu prosesinə start veriləcək. Bu yeniliyə münasibətinizi bilmək maraqlıdır…
– Öncə vurğulamaq istəyirəm ki, hər il məktəb direktorlarının işə qəbulu mərkəzləşmiş qaydada müsabiqə yolu ilə Təhsil Nazirliyi tərəfindən həyata keçirilird. Cari ildə yenilik olaraq ümumi təhsil müəssisələrində direktor seçimi təhsil idarəetmə orqanlarına həvalə edildi. Forma və məzmun dəyişsə də, mahiyyət etibarilə direktor təyinatı Təhsil Nazirliyinin uçot nomenklaturasında olduğu üçün bu proses birbaşa Təhsil Nazirliyi tərəfindən müşahidə olunacaqdır. Lakin bütün hallarda bu, obyektiv və şəffaf mexanizmin tətbiqi üçün ilkin mərhələdə müsbət addımdır.Ümumi təhsil müəssisələrində müsabiqə yolu ilə direktor seçimi həyata keçiriləcək.
Sizcə, namizədlərin əsas hansı bacarıqları nəzərə alınacaqdır?
– Ümumi təhsil müəssisələrində direktor seçimi test və müsahibə şəklində həyata keçiriləcək. Namizədələrin tənqidi oxu bacarıqları, riyazi təfəkkürü və təhsil bilikləri yoxlanılacaq, həmçinin onların müsahibə mərhələsində idarəetmə bacarıqları, şəxsi keyfiyyətləri, kompetensiyaları yoxlanılacaq və müvafiq qərarlar veriləcəkdir.
Müsabiqədən uğur əldə edən namizədlər direktor kimi işinin icrasına başlayacaq. Sizcə ilkin mərhələdə yeni direktorlar nədən başlamalı, hansı məsələlərə toxunmalıdırlar?
– Təbii ki, təyin olunan direktorlar ilk öncə təhsil müəssisəsinin yerləşdiyi coğrafi ərazini dəqiq tanımalıdır. Bir məktəb direktorunun ilk olaraq nədən başlaması haqqında qısa araşdırma aparmışıq. O araşdırma nəticəsində gəldiyimiz qənaətlər təxminən bu ardıcıllıqdadır. Əvvəla məktəb üzrə proqram və planların (illik, starteji fəaliyyət planları) icra vəziyyəti nəzərə alınmalıdır. Sonrakı ardıcıllıqda isə tədris-pedaqoji və maliyyə-təsərrüfat sənədlərinin və müəssisənin maddi-texniki baza və infarstrukturunun icra vəziyyətləri işlənilməlidir. Bunlarla yanaşı, məktəbin yerləşdiyi coğrafi ərazidən aslı olaraq el ağsaqqalları ilə görüşlər təşkil edərək təhsilin icra vəziyyəti haqqında informasiyanın əldə olunmasına və təhsil müəssisəsinin idarə olunması qaydalarını icra vəziyyətinə gətirmək vacibdir.Fəaliyyət zamanı mütləq təhsilin keyfiyyəti və informasiyaların tətbiqinə nail olunmalı, metodik işin icra vəziyyəti, yəni əvvəlik illərin statstistik təhlili aparılmalıdır. Bunlarla yanaşı mütləq şəkildə tərbiyəvi işin təşkili vəziyyəti sinifdənkənar və məktəbdənkənar proqramların icra vəziyyəti təşkil olunan kütləvi tədbirlərin statistik təhlili və müvafiq nəticələr də analiz edilməlidir. Qeyd etdiyimiz siyahını müsbət tendensiyalar və yerli şəraiti nəzərə almaqla genişləndirmək də olar.
Təmayüllşəmənin düzgün tətbiqini necə görürsünüz?
– Bu prosesə müsbət yanaşıram. Tam orta təhsil səviyyəsində təhsil nailiyyəti ilə fərqlənən, xüsusi istedad və bacarıqa sahib olan, bu və ya digər fənn üzrə xüsusi meyl və maraq göstərən, yüksək potensiala malik şagirdlərin müəyyən edilməsi və onlara zəruri təhsil şəraitinin yaradılmasına yönəlmiş bir proqramdır. Bu proqram vacibdir. Şagirdlərin gələcəkdə ixtisaslı kadr hazırlığında, daha dəqiq qeyd etsək peşə-kareyra qurmasında əvəzsiz dəstəyi Bu proqramın tətbiqi normaldır.Uzun müddətdir təhsil sistemində çalışırsınız, məktəb direktorunun fəaliyyətinin qiymətləndirilmə göstəriciləri hansılardır?– Direktor işinin planlaşdırılması, kadrların yaş və enerji potensialına uyğun şəkildə iş mexanizminin qurulması, ümumi icbari təhsilin icra vəziyyəti, şagird kontingentinin sabit saxlanılması, əmək qanunvericiliyinə, daxili əmək və icra intizamına nəzarət edilməsi, kadrların peşə hazırlığı, ixtisasartırma və yenidən hazırlamanın həyata keçirilməsi, pedaqoji Şura və məktəb şurasının işinin təşkili, normativ sənədlərin icrasının təşkili, məktəb hesabatlarının hazırlanması vəziyyəti və sairə.
Cavid müəllim, təhsil müəssisəsinin keyfiyyət göstəricilərinin səviyyəsinin artırılması istiqamətində hansı tədbirlər həyata keçirilməlidir?
– Bu, təhsil üzrə ən vacib aspektlərdən biridir. Belə ki, keyfiyyət göstəricilərinin yüksəldilməsi məqsədilə ən stimullaşdırıcı amillər sırasında pedaqoji kadrların ixtisasartırma və yenidənhazırlama təlimlərinə cəlb olunmasını, yeni təyin olunacaq müəllimlərin pedaqoji qabiliyyətini yüksəltmək üçün təcrübəli müəllimlə fikir mübadiləsinə nail olunmasını, bunun həyata keçirilməsi üçün müvafiq seminarların, dəyirmi masaların təşkilini reallaşdırmaq vacibdir. Paralel olaraq məktəb idarəedicilərini təhsil və əmək sahəsində qəbul olunmuş nomrativ sənədlərlə tanış edilməli, bu istiqamətdə də pedaqoji kollektivdə maarifləndirici seminarlar təşkil edilməlidir.Yeni rəhbərlik eyni zamanda əvvəlki illərin təlim və tərbiyə prosesinin statistik təhlilini apararaq müəssisəsnin inkişaf dinamikasını və qarşıya qoyulmuş inkişaf prespektivlərini müəyyən etməli, müəssisədə bütün vəzifəli şəxslərin, pedaqoji kollektivin, valideynlərin vəzifə tələblərini təbliğ etməli, təhsildə yeni texnologiyaların – texnoloji innovasiyaların təbliğini xüsusi layihələr, müsabiqələr əsasında həyata keçirməlidir. Təlim-tərbiyənin yeni metodları sayılan pedaqoji innovasiyaların təbliği və şagirdlərlə peşə seçimi, eləcə də onların gələcək karyera qurması istiqamətində maarifləndirici işlər və başqa tədbirlər həyata keçirilməlidir.
Nəhayət sonuncu sualımıza cavab istəyirik. Cavid müəllim, muasir direktor necə olmalıdır?
– Əvvəla ondan başlayım ki, müasir direktor parlaq və yaradıcı şəxsiyyət olmalıdır. O, daim öz üzərində işləməli, peşəkarlıq və şəxsi keyfiyyətlərinin inkişafına səy göstərməlidir. Şəxsi nümunəsilə pedaqoji kollektivi axtarışa və kəşflərə ruhlandıran lider olmalıdır. Özünə güvənməli, çox şeyi bilməli, bacarmalı, bilib-bacarmadıqlarını isə tez bir zamanda öyrənməlidir. Direktorun digər keyfiyyət göstəriciləri isə onun problemlərin həllində qeyri-standart yanaşmalara üstünlük verməsi, innovativ idarəetmə texnologiyalarını yaratmağa və onlardan səmərəli istifadəyə qadir olması, mövcud sosial şəraitə və resurslara əsaslanaraq növbəti 4-5-9-11 illər üçün məktəbin inkişaf perspektivlərini müəyyənləşdirməyə qadir strateq olması, bu gün üçün vacib olan, sabah daha da aktual olacaq problem və vəzifələri, ən əsası isə – onların həlli yollarını təyin edə bilməsi, məktəbin inkişaf rejimində fəaliyyət göstərməsini təşkil edə bilməsi və müəllimləri daimi əsaslarda innovasiya fəaliyyətinə cəlb edə bilməsi kimi son dərəcə vacib faktorlarla müəyyən olunmalıdır.
Müsahibəyə görə sağ olun.