Noyabrın 19-da ümumi təhsil müəssisələrinin VIII-XI sinif şagirdləri arasında keçirilmiş “Zəfər yolu” inşa müsabiqəsi qaliblərinin təltif edilməsi mərasimi baş tutub. Müsabiqə Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondu və Qarabağ Dirçəliş Fondunun tərəfdaşlığı ilə həyata keçirilib.
Əvvəlcə Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən baş nazirin müavini Əli Əhmədov əvvəlcə qazanılan Zəfər münasibətilə tədbir iştirakçılarını təbrik edib. Zəfər tarixinin Azərbaycanın əsrlər boyu mövcud tarixinin ən parlaq səhifəsi olduğunu vurğulayan Əli Əhmədov bu şərəfli tarixin gələcək nəsillərə çatdırılmasında, qələbəmizin təbliğ və təşviqində görülən işlərin böyük məna daşıdığını qeyd edib. “Zəfər yolu” inşa müsabiqəsinin də bu baxımdan müstəsna roluna toxunan Əli Əhmədov təhsil sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, bugünkü gənc nəsildən əsas gözləntilər daha dərin, müasir bilik və bacarıqlara yiyələnmələri, mükəmməl vərdişlərə sahib olmaları, bununla da Azərbaycanın inkişafı üçün töhfə verə biləcək, layiqli bir vətəndaş kimi yetişmələrindən ibarətdir.