Sinif rəhbəri şagirdləri öyrənərkən aşağıdakı tələblərə əməl etməlidir:
1. Öyrənmə tərbiyə və təlimin keyfiyyətinin yüksəlməsini təmin etməlidir;
2. Öyrənmə planlı və sistematik aparılmalıdır;
3. Öyrənmənin təbiiliyi, həyatiliyi və obyektivliyi təmin edilməlidir;
4. Şagirdlər fəaliyyətdə öyrənilməli və tərbiyə edilməlidir;
5. Öyrənmə zamanı müxtəlif metod və tərzlərdən istifadə edilməlidir;
6. Şagird bütövlükdə və tam öyrənilməlidir.
Bu tələblərin hər biri haqqında müəllim tələbələrə ətraflı izahat verməlidir. Adətən, öyrənmə prosesində şagirdin ümumi və sosial inkişafı, onun mənəvi siması, səciyyəvi xüsusiyyətləri, intizamlılığı, təlim əməyi, davranış mədəniyyəti və digər keyfiyyətləri aydınlaşdırılır.Bununla bərabər, məktəblinin həyat və məişət şəraiti ilə tanış olmaq, onun kiminlə dostluq etdiyini, asudə vaxtını necə keçirdiyini, nə ilə məşğul olduğunu aydınlaşdırmaq lazımdır. Şagirdlərin diqqəti, hafizəsi, təfəkkürü və digər psixi proseslərinin xüsusiyyətləri də öyrənilməlidir. Sinif rəhbərinin şagirdləri pedaqoji cəhətdən öyrənməsi üçün təqribi planı olmalıdır.Şagirdləri öyrənmə proqramında aşağıdakı məsələlər əks olunmalıdır:
I. Şagirdlər haqqında ümumi məlumat: soyadı, adı, anadan olduğu il, tarix, şagirdin ev ünvanı, şagirdin valideynləri harada və hansı vəzifədə işləməsi, ailədə qarşılıqlı əlaqələr, ailə tərkibi, ailənin mədəni səviyyəsi, maddi vəziyyəti, məktəblinin rejimi və asudə vaxtı, ev işlərində iştirakı, dostları, tanışları, məktəblinin həyatında ən vacib hadisələr, səhhəti ( məktəb həkiminin məlumatı üzrə).
II. Şagirdin ümumi inkişafı: təlim əməyinə münasibəti, şagirdin mənimsəmə səviyyəsi, fiziki əməyə münasibət, intizamlılıq səviyyəsi, şagirdin maraq və meylləri;
III. Şagirdin ictimai-siyasi və ictimai işi: sinfin ictimai həyatında iştirakı, ictimai işin yerinə yetirilməsi xarakteri, sinif kollektivində yeri.
IV. Şagird şəxsiyyətinin əsas əlamətləri: ictimai şüuru, dünyagörüşü, ideyalarının konkret şəraitdə-təlimdə, ictimai işdə və əməkdə həyata keçirmək qabiliyyəti: mənəvi keyfiyyətləri, vətənə məhəbbət hissi, ölkəmizdəki hadisələrə marağı, öz əməyi ilə məktəbə, cəmiyyətə kömək göstərməyi, xarakterik iradi əlamətləri, məqsədyönlülük, fəallıq, qətiyyətlilik, cəsarətlilik, müstəqillik, təşəbbüskarlıq, mütəşəkkillik, səbrlilik, intizamlılıq, məktəblinin fərdi, psixiloji xüsusiyyətləri.. Şagirdi öyrənmə prosesində sinif rəhbərinin nəzərdə tutduğu pedaqoji tələblər: hansı xüsusiyyətləri necə inkişaf etdirmək və təkmilləşdirmək, məktəblinin hərəkətindəki nöqsanları aradan qaldırmaq üçün nə etmək lazımdır. Aydındır ki, bir sıra məsələlər müəyyən şəraitlə əlaqədar olaraq sinif rəhbərinin proqramına daxil edilməyə də bilər. Deməli, sinif rəhbərinin planı konkret olmalıdır.Sinif rəhbəri təkcə ayrı-ayrı şagirdləri deyil, bütün sinif kollektivini öyrənməlidir. Deməli, sinif rəhbəri bütün şagird kollektivini öyrənməyi nəzərdə tutan aydın proqrama malik olmalıdır.