Sinif rəhbəri sinif jurnalını səliqəli tərtib edib hazırlayır və həmişə nizami qaydada aparır. O, tədris ilinin əvvəlində müdiriyyətdən sinif jurnalını qəbul edib, onu tələb olunan qaydada səliqə ilə yazıb hazırlayır və onun müəllimlər tərəfindən həmişə səliqəli yazılmasına və aparılmasına nəzarət edir. Sinfin bütün şagirdlərinin gündəliklərinin olması və onun normal aparılması qayğısına qalır və onu təmin edir, hər gün keçirilən fənnlər üzrə hər dərsdə şagirdlərə verilmiş qiymətlərin orada düzgün və səliqəli yazılmasını və aparılmasını, hər həftə gündəliklərin valideynlərə göstərilib imza etdirilməsini isə müəllimlərdən tələb edir və ona nail olur. O, vaxtaşırı şagird gündəliklərini yoxlayıb, qiymətlərin orada düzgün yazılmasına nəzarət edir, hər rübün sonunda şagirdlərin rüblük qiymətlərini gündəliyin axırındakı xüsusi qrafaya köçürür.
Sinif rəhbəri şagirdlərin şəxsi işlərini diqqətlə nəzərdən keçirib normal vəziyyətdə hazırlayır, dərs ilinin sonunda hər şagirdə onun təlim-tərbiyə fəaliyyəti, şagirdlər üçün qaydalara necə riayət etməsi, məsuliyyəti, intizamı, mədəni davranışı və xasiyyəti haqqında xüsusi xarakteristika tərtib edir.
O, öz sinfində aparacağı təlim-tərbiyə işlərinə aid rüblük və ya yarımillik iş planları yazıb hazırlayır, sinif şagirdləri ilə il ərzində həyata keçirilmiş bütün təlim-tərbiyə işləri barədə dərs ilinin sonunda ətraflı hesabat yazır və məktəb müdiriyyətinə təqdim edir, rəsmi hesabat verir.