Araşdırma
Planlaşdırma ən mühüm amil olub məktəbi idаrə etməyin və ona rəhbərliyin zəruri tərkib hissəsidir. Planlaşdırma və məktəbə rəhbərlik məsələləri məktəbin müəllim kollektivi ilə razılaşdırılır. Planlaşdırmanın əsasını əldə olan daxili və xarici informasiyalar təşkil edir. Məktəb işinin planlaşdırılmasında üç növ plan – cari, illik ve perspektiv plan nəzərdə tutulur. Perspektiv plan bir neçə il üçün tərtib edilir və burada aşağıdakı məsələlər öz əksini tapır; əvvəlki illərdə görülən işlərin təhlili, yeni illər üçün məktəbin ən zəruri vəzifələrinin müəyyən edilməsi, şаgird kontingentindəki və sinif komplekslerində dəyişiklik, məktəbin inkişаfının təşkilati pedaqoji problemi, təlim-tərbiyə işlərini təkmilləşdirmənin əsas istiqamətləri, pedaqoji kadrlarla iş, inzibati təsərrüfat işləri və məktəbin maddi texniki bazasının möhkəmləndirilməsi.
İllik plan məktəbin bütün həyatını əks etdirir və daha çox konkret olur. İllik plan adətən aşağıdakı bölmələrdən ibarət olur:
1. Əvvəlki tədris ilində məktəb işinin təhlili;
2. Yeni tədris ilində məktəbin vəzifələri;
3. Ümumi icbari təhsilin həyata keçirilməsi;
4. Təlim-tərbiyə prosesinin kеyfiyyətinin yüksəldilməsi;
5. Şagirdlərlə sinifdənxaric və məktəbdənkənar işlərin təşkili;
6. Şagirdlərin təlim-tərbiyəsində məktəb, ailə və ictimaiyyətin əlbir işi;
7. Pedaqoji şuranın işi;
8. Metodik işlər, ixtisasartırma və attestasiya;
9. Elmi nailiyyətlərin və qabaqcıl təcrübənin tətbiqi;
10. Məktəbi idarə və məktəbdaxili nəzarət;
11. Səhiyyə-sağlamlıq işləri;
12. Təşkilati-təsərrüfat işləri;
13. Məktəbin maddi bazası.
Cari planda ayrı-ayrı bölmələrin fəaliyyət proqramları qeyd edilir və yeri gəldikcə illik planda müəyyən düzəlişlər aparılır. Cari plаnlaşdırmaya müəllimin tematik və dərs üzrə planları, sinif rəhbərlərinin rüblük və illik, məktəb direktoru və onun müavinlərinin həftəlik və aylıq planları daxildir. Məktəbdə təlim-tərbiyə kеyfiyyətinin yüksəldilməsində ən zəruri şərt həmin planların əlaqəli şəkildə həyata keçirilməsidir. Qeyd olunan nəzarətlə yanaşı məktəb rəhbərləri il ərzində 40- 50 saat dərs dinləməli və onların pedaqoji təhlilini verməlidir. Bu təhlil zamanı məktəb direktoru obyektiv və ədalətliliyi gözləyir, əks təqdirdə müəllimlər və məktəb rəhbərləri arasında narazılıq baş verə bilər. Müəllimin fəaliyyətinə nəzarətlə yanaşı şagirdlərin təlim işinə də nəzarət olunur. Bu zaman proqram materialının necə yerinə yetirilməsinə diqqət verilir. Nəzarət zamanı məktəb rəhbərləri hər bir şagirdi hərtərəfli öyrənməyə nail olur. Onun idrak marağının, qabiliyyətinin necə inkişaf etməsini öyrənə bilir. Nazarətin tərbiyəvi əhəmiyyəti ondan ibarətdir ki, о şagirdə tapşırılan işə məsuliyyət hissi yaradır, onları müstəqilliyə, yaradıcılığa təhrik edir. Nəzarət şagirdləri də, müəllimləri də sistemli işin icrasına cəlb edir. Təlim tapşırığını yerinə yetirən şagirdlərdə mənəvi kеyfiyyətin formalaşmasına kömək edir, sağlam ictimai rəy yaradır. Şagirdlərin tədris fənlərinə nəzarətin məzmunu didaktik vəzifələr, tədris və inkişaf səviyyəsi ilə müəyyənləşdirilir. Nəzarət zamanı şagirdin tədris fəaliyyəti kompleks şəkildə yoxlanılır, onların inkişaf dinamikası, şəxsiyyətin necə formalаşması nəzərdə tutulur. Müəllimlərin nəzarətinə cari, dövri, yekun nəzarəti daxil edilir. Cari nəzarəti müəllim hər gün dərsdə təşkil edir, sistemli şəkildə şagirdlərin bütün hərəkətlərini-müvəffəqiyyət və nöqsanlarını qeydə alır. Belə nəzarət sayəsində müəllim hər bir şagirdi, habelə kollektivi bir tam halında öyrənir. Dövri nəzarət adətən bütöv bir mövzu, bölmə başa çatdıqdan sonra aparılır. Yekun nəzarəti isə ilin sonunda kurs tamamlandıqda aparılır. Nəzarətdən məqsəd şagirdlərin bilik, bacarıq və vərdişlərinin kеyfiyyətini yüksəltmək üçün əhəmiyyətli təkliflər hazırlamaqdır, müəllimlərin pedaqoji fəaliyyətinə düzgün istiqamət vərməkdir.